Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkə üzrə Elmi Hövzələrin rektoru Ayətullah Ərafi tərəfindən həzrət Zəhranın (s.ə) şəhadəti günləri münasibətilə müraciət yayımlanıb. Yayımlanan müraciətin tam mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
اللّهُمَّ صَلِّ عَلَی الصِّدّیقَةِ الطاهرةَ فاطِمَةَ الزَّکِیَّةِ وَکُنِ الثّائِرَ اَللّهُمَّ بِدَمِها و دم اَوْلادِها و دماء شهدائنا
“İlahi! Pak və müqəddəs Siddiqə Fatiməyə salavat göndər. Onun, övladlarının və şəhidlərimizin qanının intiqamını alan Sən ol, İlahi!”
Həzrət Zəhranın (s.ə) şəhadəti günləri münasibətilə İranın möhtərəm xalqına, o cümlədən, elmi hövzələrə, böyük alimlərə, ayıq və şüurlu ruhaniyyətə, eləcə də oyaq təbliğatçılara başsağlığı verirəm.
Böyük mərcəyi-təqlid alimləri, Elmi Hövzələrin Ali Şurası və hövzə qurumları ilə razılaşdırılaraq, möhtərəm tələbə və fəzilət sahiblərinin cihad ruhlu və səfərbərlik xarakterli dini təbliğat aparmaq məqsədilə səfərə çıxmalarına imkan yaratmaq üçün Qum şəhərindəki elmi hövzələrin ali səviyyəli dərslərinin, habelə ixtisaslaşmış hövzə mərkəzləri və komplekslərində tədrisin Cəmadiyül-əvvəl ayının 13-dən həftənin sonunadək miladi təqvimlə oktyabrın 24-dən 29-dək dayandırıldığını elan edirəm. Vilayətlərdə və elmi hövzələrin birinci səviyyəsində tətil və təbliğat proqramları ilə bağlı məsələlərin tənzimlənməsi isə müvafiq rəhbərlərə tapşırılsın və bu iş möhtərəm müavinin koordinasiyası ilə həyata keçirilsin.
Fürsətdən istifadə edərək, həzrət Zəhranın (s.ə) yad edildiyi təbliğat günləri münasibətilə bir neçə məqamı diqqətə çatdırmaq istəyirəm.
1. İki dünya xanımı olan həzrət Zəhranın (s.ə) şəxsiyyəti Quran, rəvayət, tarix və İslam irsində öz əksini tapmışdır. Həmin həzrətdən bizə yadigar qalan böyük xəzinə də bu qiymətli incinin təsəvvürləri aşan məqamlarının göstəricisidir. Onun şəxsiyyətinin dərinliklərini dərk etmək yalnız məsum (ə) üçün mümkündür. Onun məqamları dərkedilməz və vəsfedilməzdir. Lakin belə bir deyim var: “Dənizin bütün suyunu götürmək mümkün olmasa da, heç olmasa, susuzluq qədər içmək lazımdır”.
Şübhəsiz, ilahi nurun təcəllisi, mənəvi feyzin vasitəsi, Əhli-beyt imamlarının (ə) və dünyanın bütün qadın və kişilərinin örnəyi olan, vilayət məqamının müdafiəsi yolunda heç bir fədakarlıqdan çəkinməyən bu böyük şəxsiyyətin nurlu həyat yolundan ilham almaq zəruridir. Xüsusilə Fatimiyyə günlərində həmin xanımın məqamlarının, əzəmətinin və məzlumluğunun, pak kəlamlarının, sünnəsinin və həyat yolunun bəyan edilməsi elmi hövzələrin, təbliğatçıların və möhtərəm ruhaniyyətin vəzifəsidir.
Bu səbəbdən “Bəlaği-mübin” təbliğat qərargahlarının, eləcə də bütün müəllimlərin, fəzilət sahiblərinin, xətiblərin, təbliğatçıların və hövzələrin ziyalılarının üzərinə düşür ki, bu təbliğat günlərində və tarixin bu həssas mərhələsində dinin qorunması səngərlərinin əsgərləri, dinin təbliği, izahı və bərqərar edilməsinin bayraqdarları kimi elmi və icra vəzifələri ilə yanaşı, “İstər iki-iki, istərsə də tək-tək Allah üçün ayağa qalxın!” — mübarək ayəsinə əsaslanaraq, təbliğat qrupları yaratsınlar, məscidlərin və Fatimiyyə mərasimlərinin rövnəqlənməsinə çalışsınlar. “Allah yolunda səfərbər olmuş xalqın küçələrdə iştirakının gücləndirilməsi”ni əsas istiqamət seçərək, həmin misilsiz xanımın elmi, ibadi, ictimai və siyasi məqamlarının izahına xüsusi diqqət yetirsinlər və bütün ölkə üzrə daha bir “təbliğat və maarifləndirmə cihadı” həyata keçirsinlər.
2. Aydındır ki, dini və inqilab təlim-tərbiyəsi sahəsində uğur qazanmaq insanların problemlərinin həllinə kömək göstərilməsindən, onların ağrı və əzablarının azaldılması üçün fədakarlıqla çalışmaqdan, möhtərəm məsul şəxslərə yardım etməkdən, eyni zamanda, İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Xameneinin ( Allah onu qorusun) rəhbərliyi ətrafında birlik və həmrəyliyi qorumaqla yanaşı, məsul şəxslərdən ədalətli və cəsarətli şəkildə hesabat tələb etməkdən asılıdır.
Məhz buna görə də xalqa və gənclərə davamlı xidmət göstərən qrupların yaradılması zəruridir. Ölkənin məsul şəxsləri də müxtəlif idarəetmə səviyyələrində problemlərin həlli və ölkənin inkişafı istiqamətində gördükləri işləri təkmilləşdirməli, xalqın, xüsusilə də iqtisadi problemlərini azaltmalıdırlar. Yetkin və iradəli xalqımızla möhtərəm məsul şəxslər müqavimət mədəniyyəti və iqtisadiyyatına əsaslanaraq ölkəni bu həssas mərhələdən çıxara bilərlər.
3. Şücaət və cəsarət, dözümlülük və müqavimət, ayıqlıq və dönməzlik, birlik və ictimai həmrəylik, İslama və rəhbərliyə itaət — bir sözlə, cihad və şəhadət mədəniyyəti — İranın iradəli xalqının və müqavimət cəbhəsinin böyük təhlükələri dəf etmək, yeni İslam sivilizasiyasına doğru irəliləmək, əziz, qüdrətli və inkişaf edən İranın başını uca tutmaq, İslam ümmətinin, İran xalqının və silahlı qüvvələrin təkəbbürlülər, dünyanı istismar edənlər və əhdini pozan Amerika və sionist qüvvələri üzərində qələbə qazanması yolunda misilsiz sərvətləridir.
Bu mədəniyyəti möhkəmləndirmək və bu diskursu inkişaf etdirmək üçün bütün maarifləndirmə, təbliğat, təhsil və tərbiyə imkanlarından, xüsusilə də Fatimiyyə günlərində, istifadə etmək lazımdır. Qarşıda duran bütün çətinliklər və mürəkkəb mərhələlərlə düşünülmüş və ayıq şəkildə mübarizə aparmağa hazırlıq daha da artırılmalıdır.
4. Hazırkı şəraitdə mədəni çağırışlarla üzləşdiyimiz, ailənin və sağlam, inkişaf edən cəmiyyətin təməllərinin, hicab və iffət dəyərlərinin müxtəlif fırtınaların təsirinə məruz qaldığı bir vaxtda dünyanın qadınlarının birincisi həzrət Zəhranın (ə) mədəni, mömin və iffətli həyat tərzinin izah edilməsi hamının, xüsusilə də təqvalı qadınların, pak qızların, eləcə də ruhani qardaş və bacıların, təbliğatçıların mühüm vəzifələrindən biridir.
Əxlaqi, mədəni və sosial zərərlərin azaldılması üçün media və virtual məkanın bütün imkanlarından, mədəni və dini mərasimlərdən, müxtəlif tərbiyəvi və təbliğat üsullarından, habelə Fatimiyyə günlərinin fürsətindən istifadə edilməlidir. Eyni zamanda, məsul qurumlardan bu problemlərin həlli yollarını müəyyənləşdirmək və qanunvericilik çərçivəsində müvafiq tədbirlər görmək tələb olunmalıdır.
Allahın peyğəmbərlərinə, övliyalarına və ilahi vəsilərinə, xüsusilə peyğəmbərlərin sonuncusu həzrət Məhəmmədə (s) və həzrət İmam Zamana (ə.f), habelə İmam Xomeyniyə (r), Ramazan ayında baş vermiş müharibənin bütün şəhidlərinə, xüsusilə sabiq rəhbər şəhid Ayətullah Xameneiyə (r), böyük mərcəyi-təqlid alimlərinə, Ali Məqamlı Rəhbərə, silahlı qüvvələrə və müqavimət cəbhəsinə salam və ehtiramlarımızı bildiririk.
Müqavimət göstərən İran xalqının, səfərbər olmuş İslam ümmətinin, ümmətin hidayətçilərinin (r) və dəyərli ruhaniyyətin sağlamlığı, izzəti və başucalığı arzusu ilə ümid edirik ki, əza məclislərinin hamısı və bu sahədə çalışanların bütün səyləri uca və əzəmətli Allahın xüsusi diqqət və inayətinə nail olsun.
والحمدلله رب العالمین
Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur!
Ölkə üzrə Elmi Hövzələrin rektoru
Əlirza Ərafi
Rəyiniz